“Tottenhem”in oyunu ləğv edildi
Konfrans Liqasının qrup mərhələsinin VI turunun “Tottenhem” – “Renn” matçı ləğv edilib. Bu barədə qərarı UEFA verib.
Qurum İngiltərə klubunda koronavirusa yoluxanların olması üzündən təxirə salınan qarşılaşmanın keçirilməsini mümkünsüz sayıb. Dekabrın 9-da baş tutmalı olan matçın yeni tarixi ilə bağlı hər iki klubu qane edən qərar tapılmadığı üçün belə addım atılıb.
Görüşün taleyini nəzarət-intizam komitəsi həll edəcək. London təmsilçisinə texniki məğlubiyyət veriləcəyi gözlənilir. Bu isə “Tottenhem”in avrokuboklarla vidalaşması ilə nəticələnəcək.
Qeyd edək ki, G qrupunda “Renn”in 11, “Vitess”in 10, “Tottenhem”in 7, “Mura”nın 3 xalı var.