Ten Haqın transfer siyahısındakı növbəti futbolçu
“Mançester Yunayted”in gələcək baş məşqçisi Erik Ten Haqın transfer siyahısındakı daha bir futbolçunun adına aydınlıq gəlib. Niderlandlı mütəxəssis “Ayaks”ın müdafiəçisi Lisandro Martinezin xidmətində maraqlıdır.
24 yaşlı Martinez 2019-cu ildən “Ayaks”ın şərəfini qoruyur. Argentinalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Martinezin klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır. Oyunçunun bazar dəyəri 32 milyon avro olaraq qiymətləndirilir.
Daha öncədən bildirildiyi kimi, Ten Haq yeni mövsümdən “Mançester Yunayted”ə başçılıq edəcək. O, komandasına hazırki klubundan bir neçə futbolçunu da cəlb etməyi planlaşdırır.