Suares Messini keçdi
Uruqvay millisinin futbolçusu Luis Suares rekorda imza atıb. Təcrübəli hücumçu dünya çempionatlarının seçmə mərhələsinin Cənubi Amerika zonasında ən çox qol vuran futbolçu adına yiyələnib.
O, Venesuela ilə qarşılaşmada (4:1) penaltidən fərqlənib. Bu, Suaresin seçmə mərhələdə 28-ci qolu olub.
Uruqvaylı forvard Lionel Messini arxada qoyub. Argentinalı 27 dəfə rəqib qapısına yol tapıb.
Suares dünya çempionatlarının seçmə mərhələlərinin bombardirləri siyahısında 4-cü olan Kərim Baqiriyə çatıb. İranlı forvard da 28 qola imza atıb. Dünya rekordu qvatemalalı Karlos Ruisə məxsusdur – 39 qol. Kriştiano Ronaldo Portuqaliya millisində 36, Əli Daei İran yığmasında 35 dəfə fərqlənib.