Ronaldodan intizamsız davranış
İngiltərə Premyer Liqasının 12-ci turunda “Mançester Yunayted” “Tottenhem”i məğlub edib – 2:0. Görüşdə “qırmızı şeytanlar”ın hücumçusu Kriştiano Ronaldo intizamsız davranışa əl atıb.
Superulduz matçın sonunu gözləmədən arenanı tərk edib. Qarşılaşma boyu ehtiyat oyunçular skamyasında oturan 37 yaşlı forvard 90-cı dəqiqədə icazəsiz oranı tərk edərək paltardəyişmə otağına yollanıb. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq isə bununla bağlı Ronaldo ilə söhbət aparılacağını açıqlayıb. Çalışdırıcı həmçinin ön xətdə niyə Ronaldoya deyil, Markus Reşforda etibar etməsinin səbəbini də deyib: “Tottenhem”ə qarşı yaxşı pressinq lazım idi. Ön xətdə təzyiq edən oyunçu olmalı idi. Çünki bunun nəticəsində şanslar yaratmaq mümkün olur. Hücumda dinamika lazım idi, bunu da Markus yaxşı bacarır”.