Qurban Qurbanov: ”Şanslarımızdan düzgün istifadə edəcəyik”
Avropa Liqasının püşkatma mərasimi keçirilib. Tədbirdə ”Qarabağ”ın da rəqibləri bəlli olub.
Ağdamlıların çalışdırıcısı Qurban Qurbanov püşklə bağlı fikirlərini bölüşüb. Sizi mütəxəssisin düşüncələri ilə tanış edirik:
“İddialı və maraqlı qrupa düşmüşük. Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer” top “5-lik” ölkəsinin komandasıdır. “Mölde” və “Haken” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.