Qurban Qurbanov: “Şansımız varsa, bundan maksimum yararlanmalıyıq”
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la qarşılaşıb. Azərbaycan çempionu Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.
Oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 50 yaşlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb: “Futbolçularımı təbrik edirəm. Bu gün çox əziyyət çəkdilər. Komandamız bu gün qalib gəlmək istəyirdi. Kimsə düşünə bilər ki, rahat qalibiyyət əldə etdik. Ancaq çox əziyyət çəkdik. Çox yaxşı komandaya qarşı oynadıq. Hesab tam əksinə də ola bilərdi. Çünki rəqibin də qol imkanları oldu. Futbolçularımın hər birini qucaqlayıram”.
Qurbanov qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün mübarizə aparacaqlarını bildirib: “Dəfələrlə demişəm ki, daha da irəli getmək üçün nə qədər şansımız varsa, bundan maksimum yararlanmalıyıq. Rahat olsaq və desək ki, eybi yox, Avropa Liqasının qrupunu artıq təmin etmişik, onda məğlub olarıq. Hər il belə qalibiyyətlər əldə etmək olmur. Qrupa düşmək şansımız varsa, bundan maksimum yararlanmağa çalışacağıq”.
Mütəxəssis “Viktoriya” ilə pley-offun Bakı Olimpiya Stadionunda keçirilməsi ehtimalına münasibət bildirib: “Bütün oyunlarımızı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmişik. Bəlkə indiki məqamda stadion dəyişmək düzgün olmaz. Amma yenə də bunu Bakıya çatandan sonra müzakirə etmək olar”.
Qurbanov rəqib baş məşqçi Stanislav Çerçesovla taktiki mübarizə, həmçinin Kadi Borqesin qələbədəki payı barədə sualları da cavablandırıb: “Rəqibin baş məşqçisinə böyük hörmətim var. Bacarıqlı və böyük potensialı olan məşqçidir. Onun futbolçu və məşqçi karyerası məndən üstündür. Bu gün deyə bilmərəm ki, Çerçesova taktiki baxımdan qalib gəldik. İdman elədir ki, eyni komanda həmişə qalib gəlmir. Futbolçularım bu gün qələbəyə layiq idilər. Çünki çox istəyirdilər. Sabah istənilən təcrübəsi aşağı olan məşqçi mənə də qalib gələ bilər. Bu üzdən belə düşünmürəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb, yaxşı sistemləri var. Bu cür ifadə işlətməyim doğru olmaz. Hər bir futbolçunun sağlam olması məşqçi üçün üstünlükdür. Bəzi lider futbolçular var. Hər bir futbolçunun üzərinə düşən tapşırıq var. Kadi də bu gün çox yaxşı çıxış etdi. Mənim üçün hamı Şahruddindir, Ramildir, Zubirdir. Heç kimi ayırmaq istəmirəm”.