Qurban Qurbanov: “Qarşıdakı illər üçün böyük təcrübə qazandıq”
Avropa Liqasında qrup mərhələsinə yekun vurulur. Təmsilçimiz “Qarabağ” qrup 3-cüsü olaraq turnirlə vidalaşıb.
Ağdamlılar “Frayburq”la 1:1 hesablı heç-heçəyə imza atıb. Oyundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“İstəyimiz çox idi. Təəssüf ki, qələbə qazana bilmədik. Ancaq bacarmağımıza az qalmışdı. Bu mövsüm 14 oyunun hamısına toxunmaq istəyirəm. Bütün futbolçularıma təşəkkür edirəm. Oyunlarımızın hamısında yaxşı mübarizə, inam gördüm. Azərbaycanda futbola maraq olan, oyunların hər gün, hər saniyə gözləndiyi bir il oldu. Restoranlarda böyük monitorlarda oyunlarımıza baxıldığını eşidirdik. Ümumi bir futbol ili oldu. Bütün azərbaycanlılara təşəkkür edirəm. Başda mən olmaqla hər birimiz xalqımızı düşündük. Çalışdıq ki, onları sevindirək, yaxşı oyun göstərək. Nə qədər alınıb-alınmadığını deyə bilmərəm. Mən komandamdan çox razı qaldım. Qarşıda istirahət üçün vaxıtımız da yoxdur. 2-3 gündən bir oynamalıyıq. Futbolçular çox yorğundular. Bu il futbolun dadını tam hiss etdik. Qarşıdakı illər üçün böyük təcrübə qazandıq. Ümumən, Azərbaycan futbolu üçün. Futbolçulara təşəkkür edirəm”.