Qurban Qurbanov: “Meydanda güclü kollektiv var idi”
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” matçından (2:2) sonra Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 50 yaşlı mütəxəssis oyun barədə fikirlərini bölüşüb:
“Bu gün təkcə oyun yox, yaxşı mübarizə, “Qarabağ”a layiq, inamlı insanlar gördük. Meydanda güclü kollektiv var idi. Matçın əvvəlindən bir az taktiki savaş keçdi, get-gedə döyüşə çevrildi. Hər bir halda futbolçularım buna layiq idilər. Bizə uyğun olmayan rəqibə qarşı oynayırdıq. Bunu əvvəl də qeyd etmişdim. Bu gün də bunun şahidi olduq. Topun havada çox olması bizim üçün xoş deyil. Buna baxmayaraq, futbolçularım bunu bacardı. Bütün “Qarabağ”lıları, azərbaycanlıları təbrik edirəm. “Sürix”ə də gələcək oyunlarda uğurlar arzulayıram”.