Qurban Qurbanov: “Meydanda çox diqqətli, əzmkar olmalıyıq”
“Qarabağ” sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçını keçirəcək. Komanda “Napoli” ilə qarşılaşacaq.
Oyundan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Çox gözəl bir şəhərdəyik. Bizi çox böyük tarixə malik klubla oyun gözləyir. Böyük bir məşqçinin komandası ilə qarşılaşacağıq. Vacib bir oyundur. Bilirik ki, “Napoli” turnir cədvəlindəki yerini daha da yaxşılaşdırmaq istəyəcək. Ona görə çox ciddi hazırlaşırlar. Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Pis hazırlaşmamışıq. Çox istərdik ki, sonadək öz oyun nizam-intizamımızı qoruyub saxlayaq və yaxşı dinamik futbol oynayaq. Klubda uzun illər gördüyümüz işlər, missiyamız ildən-ilə irəli getməkdir. Bu turnirdə bacardığımız qədər iştirak etmək istəyirik. Bu mərhələyə düşmüşüksə, oyunumuzdan, cəsarətimizdən, mübarizəmizdən zövq almaq istəyirik. Oyunlara belə məsuliyyətlə yanaşırıqsa, nəticə də əldə etmək olar. Bugünkü nəticələrə baxdıqca, həm sevinirik, həm özümüzə inam artır. Sabah meydanda çox diqqətli, əzmkar olmalıyıq. Azarkeşlər üçün cəsarətli oyun göstərməliyik”.












