Qurban Qurbanov: “Məğlubiyyəti kiminsə üzərinə atmaq istəmirəm”
Çempionlar Liqasının pley-off mərhələsində Çexiya “Viktoriya”sı ilə görüşən “Qarabağ” cavab qarşılaşmasında 1:2 hesabı ilə uduzub. Plzendəki matçdan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov görüş barədə fikirlərini açıqlayıb.
50 yaşlı mütəxəssis məğlubiyyətə şərh verib: “Futbolçularımdan çox razıyam. Ağır rəqibə qarşı oynayırdıq. Polşadakı ilk matçdan bəri bütün görüşlər eyni səviyyədə idi. Futbolçularım çox əziyyət çəkdilər. Alınmadı, desəm düz çıxmaz. İlk hissədə üstünlük bizdə idi. İkinci hissədə cüzi səhvimiz oldu, rəqib bundan istifadə elədi. Bunu gözləyirdilər. Futbolçularımı bağrıma basıram. Azərbaycanı avrokuboklarda layiqincə təmsil etməyə çalışırıq, ölkəmiz üçün oynayırıq. Futbolçulardan göz yaşı axıtmayanı görmədim. Çox üzülmüşdülər. Çalışdım dəstək olum. Nə qədər danışsam da, bunu heç vaxt unutmayacaqlar. Mən onların yanındayam, onlarla dostam”.
Qurbanov komandanın Çempionlar Liqasından Avropa Liqasına düşməsinə də münasibət bildirib: “Avropa Liqasını Çempionlar Liqasından ayırmıram. Orada elə komandalar var ki, Çempionlar Liqasında oynamağa da layiqdirlər. Əvvəlcə püşkatmanı gözləyirik. Ondan sonra dəyərləndirəcəyik. Həm komanda, həm də klub olaraq böyümək istəyirik. Qrupdakı oyunlarda futbolçularımızın təcrübəsinin yaxşılaşmasına çalışacağıq”.
Baş məşqçi heyətdəki rəqabətə və Riçard Almeydanın zədələnməsinə də toxunub: “Komandamızda rəqabətin güclü olmasını istəyirik, geniş heyətə malik olmağımızı istəyirik. 3-4 gündən bir oyunlarımız olur. Bütün matçlara hazır olmalıyıq. Şahruddin və Zubirin bu nəticələri göstərməyimizdə böyük zəhmətləri var. Təəssüf ki, futbol səhvlər üzərində qurulub. Elə oyunlar olub ki, hamı Şahruddin deyə qışqırıb. Sadəcə, hansısa futbolçu vacib görüşdə səhv edəndə diqqətçəkən olur. Şahruddindən razıyam, milli komandamızın üzvüdür. Həmçinin oyun üslubuma uyğundur. Digər qapıçılarımızı da hazırlayırıq. Məğlubiyyəti kiminsə üzərinə atmaq istəmirəm. Daim transferlər etmək istəmişik. Hətta bəzi oyunçular olub ki, danışıq aparsaq da alınmayıb. Ola bilsin ki, onlarla anlaşa bildik. Amma onlar arasında qapıçı yoxdur. Topuq nahiyəsində şiş oldu. Bir az ağrısı olduğu üçün Riçard davam edə bilmədi. Almeyda bu gün çox yaxşı çıxış etdi, oyuna tam nəzarət edirdi. Bəlkə onun əvəzlənməsinin də rolu oldu. Amma digər futbolçular heç də zəif çıxış etmədilər”.