Qurban Qurbanov: “Hər bir futbolçu istəyər ki, ölkə kubokunu başı üzərinə qaldırsın”

Qurban Qurbanov: “Hər bir futbolçu istəyər ki, ölkə kubokunu başı üzərinə qaldırsın”

Sabah Azərbaycan kubokunda mövsümə yekun vurulacaq. Finalda “Qarabağ” “Zirə” ilə qarşılaşacaq.

Görüşdən öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Çox istərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun. Çox ciddi rəqibə qarşı oynayırıq. Bizim “Zirə”yə qarşı hər oyunumuz asan olmayıb. Xüsusilə də son görüşlər. Çox yaxşı idman formasında olan komandaya qarşı oynayacağıq. “Zirə” çempionatda ikinci yeri tutan komandadır. Çox yaxşı, çox böyük nəticə əldə ediblər. Demək olar ki, finalı daha rahat oynayacaqlar. Kubok başqa bir prestijdir. Hər bir futbolçu istəyər ki, ölkə kubokunu başı üzərinə qaldırsın. Matça pis hazırlaşmamışıq. Bunun üçün vaxtımız oldu. Baxmayaraq ki, futbolçular daha çox evə getmək istəyirdilər. Çalışdıq ki, komandanı bu matça hazır edək. Nəticə üçün ən yaxşısını və düzünü etməyə və azarkeşlər üçün baxımlı oyun göstərməyə çalışacağıq. Penalti seriyasına psixoloji hazırlaşmaq lazımdır. Buna da hazırıq. Kubok görüşlərinə fərqli yanaşıram. Böyük gözlənilməzliklər kubokda olur. İstər ölkə kubokunda, istər avrokuboklarda. Finallarda düşünmədiyimiz, gözləmədiyimiz qaliblər görmüşük. Almaniya kubokunu götürsək, aşağı liqa klubu finalda oynadı və az qalmışdı “Bayer”ə qalib gəlsin. Ümumiyyətlə, futbolçularımı belə matçlara daha çox psixoloji hazırlamağa çalışıram. Çempionatın sonunda onların fiziki formaların tələb etmək düzgün deyil. İstər-istəməz hazırdırlar və sadəcə psixoloji yorğunluqları olur. Mən də ona üstünlük verirəm ki, sərbəst, soyuqqanlı şəkildə bu matçlarda düzgün oynasınlar. Amma qarşımızdakı rəqibi də nəzərə almalıyıq. Bəlkə daha istəkli, kubok üçün daha çox alışıb yanan komanda olacaq. Mən komandanı bu tərəfdən hazırlayıram”.

Qeyd edək ki, final matçı saat 20.00-da “Liv Bona Dea Arena”da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Mourinyo “Fənərbaxça”da

Növbəti yazı

Rəşad Sadıqov: “İstərdik ki, bu dəfə də maraqlı mübarizənin şahidi olaq”