Qurban Qurbanov: “Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini oynayaq”
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilir. Sabah “Qarabağ” “Rakuv”u (ilk oyun 2:3) qəbul edəcək.
Matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı oynayırıq. Üstünlük bir az rəqib tərəfdədir. Amma hər bir halda geridə qalan günlərdə pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıdıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Futbolçularım oyunun gedişində bunu hiss etməlidirlər. Bu komandaya qarşı heç bir an oyundan qopmaq olmaz. Rəqibi analiz etmişik. Futbolçularla diskusiyalarımız olub. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini oynayaq. Buna ehtiyac var. Hər bir futbolçu matça məsuliyyətli hazırlaşıb”.