“Qarabağ”ın oyununda 5 qol
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Təmsilçimiz “Qarabağ” da növbəti matçını keçirib.
Ağdamlılar Polşada “Rakuv”un qonağı olub. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ikinci yarıda açılıb. 55-ci dəqiqədə Elvin Cəfərquliyevin uğursuz toxunuşu qolla nəticələnib. Ardından meydan sahibləri fərqi 2 topa çatdırıb. Fabian Pyateski fərqlənib – 2:0. Lakin “Qarabağ” ruhdan düşməyib. Ağdamlılar buraxılan 2-ci qoldan sonra 4 dəqiqə ərzində hesabı bərabərləşdirib. Redon Cica dubla imza atıb. Matçın son dəqiqələrində isə “Rakuv” daha bir qol vurub. Sonni Kittel komandasına qələbə qazandırıb – 3:2.
Qeyd edək ki, komandalar arasında cavab matçı, avqustun 2-də Bakıda keçiriləcək.