“Qarabağ”dan qollu sülh
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri “Ferensvaroş”u qəbul edib. Macarıstan çempionu ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Qarşılıqlı hücumlarla keçən görüşdəki bütün qollar ilk 45 dəqiqədə vurulub. Öncə Frank Boli macarıstanlıları hesabda irəli çıxarıb. Ağdamlılar fasiləyədək bərabərlik qoluna sevinib. Ovusu Kvabena ardıcıl ikinci matçda çox vacib qola imza atıb – 1:1.
İkinci hissədə hər iki komanda qələbə qazanmaq üçün irəli atılsa da, hesab dəyişməz qalıb. Pley-offa vəsiqənin sahibi avqustun 9-da Budapeştdə təşkil olunacaq cavab görüşündə bəlli olacaq.
Qeyd edək ki, “Qarabağ” bunadək Polşa “Lex”i (0:1, 5:1) və İsveçrə “Sürix”ini (3:2, 2:2) mübarizədən kənarlaşdırıb.