“Qarabağ”dan heç-heçə, Əmirquliyevdən rekord

“Qarabağ”dan heç-heçə, Əmirquliyevdən rekord

Azərbaycan Premyer Liqasında V tura start verilib. Turun ilk günündə 2 oyun keçirilib.

“ASK Arena”da “Keşlə” “Qarabağ”ı qəbul edib. Ötən mövsümün vitse-çempionu 20-ci dəqiqədə hesabı açıb. Abdullah Zubir fərqlənib. Meydan sahibləri 72-ci dəqiqədə Aldair Netonun qolu ilə məğlubiyyətdən xilas olub – 1:1.

Bu heç-heçədən sonra “Qarabağ” 11 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. “Keşlə” isə sonuncu yerdə qalıb.

Paytaxt klublarının duelində “Səbail” “Zirə”ni qəbul edib. Bu görüş Rahid Əmirquliyevin Azərbaycan çempionatlarında 422-ci matçı olub. “Səbail”in kapitanı bu göstəricidə mütləq rekord vurub. O, 421 matça çıxan Mahmud Qurbanovu arxada qoyub.

Qarşılaşmadakı bütün qollar ilk yarıda vurulub. Dubla imza atan Davit Volkovun 16-cı və 40-cı dəqiqələrdəki qolları “Zirə”yə qələbə üçün yetərli olub. Yurgen Qoxanın ilk yarının son dəqiqəsindəki qolu təsəlli xarakteri daşıyıb – 2:1.

Qələbə qazanan “Zirə” aktivini 8 xala çatdıraraq 3-cü yerə yüksəlib. “Səbail” isə 5-ci yerə yuvarlanıb.

Xatırladaq ki, sabah “Sumqayıt” “Qəbələ”ni, “Sabah” “Neftçi”ni qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 26.09.2021

Növbəti yazı

Koulmen “Sakramento”da