“Qarabağ”dan darmadağın
Premyer Liqada XVIII tur davam edir. Mövsümün ilk yarısının son turunda daha iki matç baş tutub.
İkinci oyun günü Qəbələdə başlayıb. Turnir cədvəlinin orta pillələrində qonşu olan “Qəbələ” və “Turan Tovuz” üz-üzə gəlib. Qarşılıqlı hücumlarla keçən görüşdə qol vurulmayıb – 0:0.
Çempionatın lideri və autsayderi “ASCO Arena”da görüşüb. “Qarabağ” “Səbail”in müqavimətini qırmaqda uzun müddət çətinlik çəkib. Son çempion yalnız ikinci hissədə istəyinə çata bilib. Qurban Qurbanovun yetirmələri 3 cavabsız qolla darmadağına sevinib. Qolları Ramil Şeydayev, Musa Qurbanlı və Abdullah Zubir vurub. Bununla da “Qarabağ” qış fasiləsinə məğlubiyyətsiz yollanıb.
Qeyd edək ki, həm tura, həm də mövsümün ilk yarısına sabah yekun vurulacaq.