“Qarabağ”dan böyükhesablı qələbə
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub. Oyun günündə iki qarşılaşma baş tutub. “Keşlə” “Ask Arena”da “Sabah”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda hesab açılmayıb. İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Hər iki komanda bir neçə dəfə qola yaxın olub. Lakin matçın taleyini bir top həll edib. 89-cu dəqiqədə Zurab Oçiqavanın vurduğu qol “Sabah”a qələbə gətirib.
Günün digər matçı Suraxanıda keçirilib. “Qarabağ” “Qəbələ”ni qonaq edib. Görüşə qonaqlar fəal başlayıb. Rövlan Muradovun təhlükəli cərimə zərbəsi yaddaqalan olub. Qol isə özünü çox gözlətməyib. 16-cı dəqiqədə Kadi Borqes meydan sahiblərini hesabda önə çıxarıb. Buraxılan topdan sonra irəli atılan “qırmızı-qaralar” 40-cı dəqiqədə istəklərinə çatıblar. Qayda pozuntusuna görə təyin edilən 11 metrlik cərimə zərbəsini İsnik Alimi dəqiq yerinə yetirib – 1:1. İkinci yarıda oyunun axarı dəyişib. “Qarabağ” üstünlüyü tam olaraq ələ alıb. İbrahima Vadji 50-ci dəqiqədə ağdamlıları yenidən hesabda önə çıxarıb. 65-ci dəqiqədə Kevin Medina top fərqini ikiyə yüksəldib. 3 dəqiqə sonra Filip Ozobiç komandasının dördüncü qolunu vurub. Matçda son nöqtəni isə Abdullah Zubir qoyub – 5:1.
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında “Zirə” “Sumqayıt”ı (1:0), “Neftçi” “Səbail”i (2:0) məğlub edib.