“Qarabağ”dan böyükhesablı qələbə, “Zirə”dən bürünc medal
Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilib. Sonuncu turun matçları ilə 2021/22 mövsümünə yekun vurulub.
“Zirə” öz meydanında “Şamaxı”nı qəbul edib. Qolsuz heç-heçə edən Rəşad Sadıqovun yetirmələri bununla da mövsümü bürünc medalla başa vurub.
“Qəbələ” evdə “Sabah”ı qəbul edib. Turnir cədvəlindəki qonşuların duelində rəqiblər 1 xalı 1 qolla qazanıb.
Günün son iki matçı daha məhsuldar alınıb. Autsayderlərin duelində “Sumqayıt” “Səbail”i qəbul edib. Meydan sahibləri 5 cavabsız qolla qələbə qazanıb.
Çempionat Azərbaycan derbisi ilə yekunlaşıb. Çempion adını 25-ci turda təmin edən “Qarabağ” gümüş mükafatçı “Neftçi”ni sınağa çəkib. Qurban Qurbanovun yetirmələri formal xarakterli görüşdə azarkeşlərini böyükhesablı qələbə ilə sevindirib – 4:1.
Bu matçda qollardan birinə imza atan Kadi Borqes çempionatın bombardiri olub. “Qarabağ”ın braziliyalı legioneri mövsüm ərzində 12 dəfə fərqlənib.