“Qarabağ” “Sürix”i məğlub etdi

“Qarabağ” “Sürix”i məğlub etdi

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə “Sürix”i qəbul edib.

Əvvəlki mərhələdə Polşa “Lex”ini mübarizədən kənarlaşdıran (0:1, 5:1) Ağdam klubu ilk raunddan azad olan İsveçrə çempionu ilə qarşılaşmada da meydanda dominantlıq edib. Bu, nəticədə də öz əksini tapıb.

Artıq ilk yarıda iki qol vuran “Qarabağ” üstünlük qazanıb. Öncə Kadi Borqes, ardınca İbrahima Vadji fərqlənib.

İkinci hissənin ortalarında qonaqlar Lindrit Kamberinin qolu ilə fərqi minimuma endirsə də, isveçrəlilərin sevinci bir dəqiqə çəkib. Dublunu rəsmiləşdirən İbrahima Vadji komandamızın üstünlüyünü yenidən iki topa çatdırıb.

Matçda sonuncu qol hakimin final fitinə 5 dəqiqə qalmış vurulub. Mirlind Kryeziu penaltini dəqiq yerinə yetirib.

Beləliklə, “Qarabağ” güclü rəqiblə ev oyununda 3:2 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü iyulun 27-də İsveçrədə baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

De Liqt “Bavariya”da

Növbəti yazı

Qurban Qurbanov: “Daim rəqibin üzərinə getməyə çalışdıq”