“Qarabağ” pley-off şansını itirdi
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. Ağdam klubu Avropa Liqasında FCSB ilə qarşılaşıb.
Liqa mərhələsinin VII turunun matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. “Qarabağ” 1-ci dəqiqədə erkən qola sevinib. Leandro Andrade fərqlənib. Qonaqlar az keçməmiş hesaba tarazlıq gətiriblər.
Təmsilçimiz ilk yarının sonlarında yenidən önə keçib. Bu dəfə rəqib avtoqola üzülüb. Amma fasilə ərəfəsində Rumıniya klubu yenidən bərabərlik qoluna imza atıb.
İkinci hissə “Qarabağ”ın üstünlüyü ilə keçib. Lakin Ağdam klubu rəqib qapısına yol tapa bilməyib. Əvəzində FCSB ilk iki qolda olduğu kimi yenə künc zərbəsindən fərqlənib. 2:3 hesabı ilə uduzan təmsilçimiz pley-offa yüksəlmək şansını itirib.
Qeyd edək ki, ölkə çempionu Liqa mərhələsində son oyununu yanvarın 30-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.