“Qarabağ” mübarizəni dayandırdı
Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşləri keçirilir. Turnirdəki sonuncu təmsilçimiz “Qarabağ” da növbəti görüşünə çıxıb. İlk matçda 1:3 hesabıyla məğlub olan ağdamlılar “Marsel”i qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmaya “köhlən atlar” fəal başlayıb. Lakin sonradan “Marsel” kəsərli hücumlar qurub. Bunlardan birində Fransa təmsilçisi hesabı açıb. 12-ci dəqiqədə Pape Qeye fərqlənib. “Qarabağ”ın buna cavabı özünü gözlətməyib. Amma İbrahima Vadji topu qapıdan başla deyil, əllə keçirib. Qurban Qurbanovla məsləhətləşən Vadji topa əllə toxunduğunu etiraf edib. Baş hakim qolu qeydə almayıb. Hissənin sonlarına doğru təmsilçimiz hesabı bərabərləşdirməyə çalışıb. Lakin buna nail olmaq mümkün olmayıb.
İkinci hissə də eyni ssenari ilə başlayıb. “Qarabağ” böyük üstünlüyə malik olub. Ağdamlılar bir neçə hücumda fərqlənməyə yaxın olsa da, “Marsel”in müdafiəsi etibarlı oynayıb. Hissənin ikinci yarısında üstünlüyü ələ alan qonaqlar ardıcıl iki qol vurub – 0:3. Görüş elə bu hesabla da başa çatıb. Bununla da “Qarabağ” avrokuboklarda mübarizəni başa vurub.