“Qarabağ” “Molde”ni məğlub etdi
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsində I turun oyununa çıxıb.
Ağdam klubunun ilk görüşü evdə baş tutub. Təmsilçimiz Norveç çempionu “Molde”ni sınağa çəkib.
Ardıcıl 10-cu dəfə avrokubokların qrupunda yer alan “Qarabağ” görüşə aramsız hücumlarla başlayıb. İlk 45 dəqiqədə saysız-hesabsız təhlükəli epizodlar yaradan ağdamlılar hesabı açmaqda çətinlik çəkib.
Qonaqların müqaviməti ikinci yarının əvvəlində qırılıb. Leandro Andrade yaxın məsafədən qarşısıalınmaz zərbə endirib – 1:0. Bu top matçın taleyini həll edib. Üstünlüyünü sonadək qoruyan “Qarabağ” qrup mərhələsinə qələbə ilə başlayıb.
Qeyd edək ki, H qrupunun digər matçında “Bayer” “Hakken”i 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.