“Qarabağ” Çempionlar Liqasının pley-offunda
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da “Ferensvaroş”un qonağı olub.
Budapeştdə keçirilən qarşılaşmaya “köhlən atlar” fəal başlayıb. Komandamız 7-ci dəqiqədə Abdullah Zubirlə hesabı açıb. İkinci yarıda da hücumlarını davam etdirən “Qarabağ” İbrahima Vadjinin qolu ilə fərqi iki topa çatdırıb. Legioner 78-ci dəqiqədə dublunu rəsmiləşdirib. Rəqibin gücü yalnız vurulan qollardan birinin əvəzini çıxmağa çatıb – 1:3.
Beləliklə, Bakıdakı 1:1 hesablı bərabərliyin ardından səfərdə rəqibini 3:1 məğlub edən “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Təmsilçimizin bu raunddakı rəqibi Plzen “Viktoriya”sı (Çexiya) olacaq.
Qeyd edək ki, pley-offun ilk qarşılaşmaları avqustun 16-17-də, cavab matçları isə 23-24-də keçiriləcək.