“Qəbələ”dən 3-cü qələbə, Zirədə heç-heçə
Azərbaycan Premyer Liqasında IV tur başlayıb. Turun ilk günündə iki matç baş tutub.
İlk qarşılaşma Qəbələdə baş tutub. Eyniadlı komanda “Səbail”i qəbul edib.
5 cavabsız qol vuran “Qəbələ” mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Ardıcıl 3-cü dəfə qalib gələn Elmar Baxşıyevin komandası turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Meydan sahiblərinin ikinci hissəyə təsadüf edən qollarına Rövlan Muradov, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev, Rafael Utziq və İsnik Alimi imza atıb.
Günün ikinci görüşü Zirədə keçirilib. Qəsəbənin eyniadlı klubu “Sabah”ı qəbul edib.
Bu matçda da qollar ikinci hissədə vurulub. Mohamed Hamdaui meydan sahiblərini hesabda önə çıxarsa da, bu, qələbə üçün yetərli olmayıb.
İlk üç turda quru hesabla uduzan “Sabah” bu dəfə məğlubiyyətdən qaçıb. Şpiro Periçiçin qolu ilə uğursuz seriyalara son qoyulub – 1:1.
Xatırladaq ki, sabah “Neftçi” – “Keşlə”, ertəsi gün “Qarabağ” – “Sumqayıt” matçları keçiriləcək.