“Qəbələ” və “Neftçi”dən qələbə

“Qəbələ” və “Neftçi”dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib. Turun ilk oyun günündə iki matç baş tutub. Hər iki görüşdə meydan sahibləri qalib gəlib.

“Qəbələ” evdə “Səbail”i qəbul edib. Autsayderlərin müqavimətini oyunun sonlarında qıran meydan sahibləri Ülvi İsgəndərov və İsnik Aliminin qolları ilə qələbə qazanıb – 2:0. Xal hesabını 29-a çatdıran bölgə təmsilçisi ikinci pillədəki yerini möhkəmlədib. “Dənizçilər” isə 11 xalla sonuncu pillədə qalıb.

Günün digər qarşılaşması “Bakcell Arena”da baş tutub. Son çempion “Neftçi” Bakı derbisində “Keşlə” ilə qarşılaşıb. Oyunun taleyini ilk hissədə həll edən “ağ-qaralar”ın heyətində Sezar Meza Kolli, Voislav Stankoviç və Ramin Nəsirli fərqlənib. Qonaqların gücü yalnızca fərqi azaltmağa çatıb. Uzatma dəqiqələrində Felipe Santos adını tabloya yazdırıb. 3:1 hesablı qələbə qazanan “Neftçi” xal hesabını 25-ə yüksəldərək üçüncü pilləyə qalxıb. “Keşlə” isə 14 xalla 6-cı yerdə qalıb.

Qeyd edək ki, turun “Zirə” – “Sabah” matçı sabah keçiriləcək. “Qarabağ” – “Sumqayıt” oyunu isə may ayına təxirə salınıb.

ETOPAZ

Əvvəlki yazı

Türkiyə çempionatında istefa

Növbəti yazı

Günün kuponu – 20.02.2022