“Qəbələ” çempion, “İmişli” və “Karvan” Premyer Liqada
I Liqada XXIII tur başa çatıb. Turun son görüşündə MOİK-i qəbul edən “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə xallarının sayını 58-ə çatdıran “qırmızı-qaralar” çempionluğu sona 4 tur qalmış təmin edib. Kaxaber Tsxadadzenin yetirmələri ikinci pilləni 14 xal qabaqlayırlar.
2-ci sıradakı “İmişli” Zaqatalada eyniadlı komandanı 2:0 hesabı ilə məğlub edərək xallarını 44-ə yüksəldib. Evdə “Cəbrayıl”ı eyni hesabla məğlub edən “Karvan” 43 xalla 3-cüdür. 4-cü sıradakı “Zaqatala”nın 28 xalı olduğu üçün “İmişli” və “Karvan” sona 4 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.