Portuqaliyadan çətin qələbə
Qətərdə keçirilən DÇ-2022-də H qrupunda I tura yekun vurulub. Qrupun ikinci oyununda Portuqaliya ilə Qana qarşılaşıb.
Avropalıların üstünlüyü ilə keçən görüşdə bütün qollar ikinci hissədə vurulub. Öncə Kriştiano Ronaldo penaltidən hesabı açıb.
Beşinci dəfə mundialın iştirakçısı olmaqla bu rekordun 6-ci sahibi olan 37 yaşlı hücumçu qatıldığı bütün final mərhələlərində qol vurub. O, beş çempionatda qol vuran ilk oyunçu kimi tarixə düşüb.
Qana yığması Andre Ayyunun qolu ilə hesaba tarazlıq gətirə bilib. Buraxılan qoldan sonra toparlanan Portuqaliya daha iki dəfə fərqlənməyi bacarıb.
Öncə Joao Feliks, ardınca Rafael Leao afrikalıların qapısına yol tapıb. Bundan sonra Fernandu Santuş hücum xəttindəki ulduzları əvəzləyib. Bundan yararlanan Qana yığması Osman Bukarinin qolu ilə fərqi minimuma endirib. Lakin afrikalılar məğlubiyyətdən qaça bilməyib. Portuqaliya yığması ilk turda üç xalı üç qolla qazanıb – 3:2.
Qeyd edək ki, H qrupunun digər matçında Uruqvayla Cənubi Koreya görüşüb. Qarşılaşma qolsuz sülhlə başa çatıb.