Noyerdən rekord
“Bavariya”nın qapıçısı Manuel Noyer rekorda imza atıb. O, Çempionlar Liqasının tarixinə düşüb.
Qolkiper buna İngiltərə “Arsenal”ını 1:0 hesabı ilə məğlub etdikləri 1/4 final mərhələsinin oyununda nail olub. Bu oyundan sonra o, ÇL-da qapısını toxunulmaz saxladığı matçların sayını 58-ə çatdırıb. Bu nəticə ilə Noyer qitənin bir nömrəli klub turnirində ilk pilləyə yüksəlib. O, bu göstərici ilə İspaniya yığmasının və “Real Madrid”in əfsanəvi qolkiperi İker Kasilyası (57 oyun) qabaqlayıb. Üçüncü yerdə isə İtaliya seçməsinin və “Yuventus”un şərəfini qorumuş Canluici Buffon (52 oyun) qərarlaşıb.