Niderland 1/4 finalda
Qətərdə keçirilən DÇ-2022-də 1/8 final mərhələsi start götürüb. İlk 1/4 finalçı Niderland və ABŞ yığmalarının oyununda müəyyənləşib.
Qarşılaşmada hesabı Memfis Depay açıb. O, 10-cu dəqiqədə fərqlənib. 45+1-ci dəqiqədə qol sevinci yaşayan Deyli Blind avropalıların üstünlüyünü iki topa çatdırıb.
Matç boyu daha fəal olan şimali amerikalıların hücumları yalnız 76-cı dəqiqədə bəhrəsini verib. Hacı Rayt fərqi minimuma endirib.
İlk iki qolun məhsuldar ötürməsini verən Denzel Dumfris 81-ci dəqiqədə amerikalıları növbəti dəfə məyus edib – 3:1. Bu qələbə Niderland yığmasını 1/4 finala daşıyıb.
Qeyd edək ki, Niderland yığmasının 1/4 finaldakı rəqibi bu gün keçiriləcək Argentina – Avstraliya matçında bəlli olacaq. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.