“Neftçi”nin yeni baş məşqçisi: “Premyer Liqada titul qazanmağa çalışacağıq”

“Neftçi”nin yeni baş məşqçisi: “Premyer Liqada titul qazanmağa çalışacağıq”

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın təqdimat mərasimi keçirilib. Tədbir “Bakcell Arena”nın konfrans zalında baş tutub.

47 yaşlı rumıniyalı mütəxəssis ilk mətbuat konfransında Bakı klubunun sükanı arxasına keçməsindən danışıb: “Bu gündən yeni komandada işə başlayırıq. Konfrans Liqasında uğurlu çıxış etməyə və Premyer Liqada titul qazanmağa çalışacağıq. Bilirik ki, çətin olacaq. Amma həyatda asan heç nə yoxdur. Əlbəttə ki, avrokuboklara qədər az vaxt var. Eyni zamanda milli komandanın üzvləri də hələ bir neçə gündən sonra bizə qoşulacaqlar. İyulun 1-dən təlim-məşq toplanışına başlayacağıq. Bütün oyunçularımız orada bir yerdə olacaq. Bura gəlməmişəm ki, vaxta görə şikayət edim. Vaxtla bağlı həmişə şikayətlər olub. Çünki zaman sürətlə keçir. Əminəm ki, Konfrans Liqasındakı ilk oyuna qədər tam hazır olacağıq. Bu gündən istədiyimiz komandanı qurmağa başlayırıq. Biz tərəfdən bu haqda məlumatlar alacaqsınız”.

Mütəxəssis azarkeşlərin tələbkar olmasına da münasibət bildirib: “Bu mənim üçün problem deyil. Çünki bütün komandalarda təzyiq altında işləmişəm. Onları başa düşürəm, yeni gələn məşqçinin komandaya uğur qazandırmasını istəyirlər. Bu təzyiqi özümə motivasiya kimi qəbul edirəm və oyunçularımı ayıltmaq üçün istifadə edəcəyəm. Azarkeşlər daim yanımızda olsunlar, bizi dəstəkləsinlər və təzyiq etsinlər. “Neftçi” ölkənin ən tanınmış klubudur. Müqavilə klubla aramızda olan mövzudur və bu haqda heç yerdə danışmıram. Maliyyə mövzusu hamını maraqlandırır. Amma maaşımla bağlı bu məqalə həqiqəti əks etdirmir. Pul heç də hər şey demək deyil. İnanın ki, pul mövzusu olsaydı, bu gün burada olmayacaqdım”.

Rumıniyalı çalışdırıcı karyerasında çox klub dəyişməsinə də toxunub: “Deməzdim ki, çox komanda dəyişmişəm. “Styaua”da böyük uğurlarım olub. Çempionlar Liqasının formatı dəyişdikdən sonra həmin komandanı qrup mərhələsinə daşıyan ilk məşqçiyəm. Həmçinin qrupdan da çıxarmışam və növbəti mərhələdə “Ayaks”a qalib gəlmişik. Ondan sonra Səudiyyə Ərəbistanına getdim. Orada uğursuzluğum o oldu ki, yaponiyalı hakim Çempionlar Liqasının finalında 4 təmiz penaltimizdən birini vermədi. “Al-Vasl”a getməyim mən tərəfdən o qədər də yaxşı olmadı. Ora bir dostumun dəvəti ilə getdim. İki prezident arasında gedən kiçik “müharibənin” qurbanı oldum. Oradan Rumıniyaya qayıtdım, “Universitatya Krayova”nı çalışdırdım. Qarşıma qoyulan məqsəd ilk ildə Konfrans Liqasına vəsiqə qazanmaq, ikinci ildə çempion olmaq idi. Rəhbərliklə görüşdən sonra əmin oldum ki, qoyduqları məqsədə uyğun dəstək olmayacaq. Ona görə qərara alındı ki, klubdan ayrılım. Konfrans Liqasında oynayan komandanın baş məşqçisi olmağa layiqəm. Azərbaycana açıq ürəklə gəlmişəm. İnanıram ki, bu yolun sonunda uğur qazanacağıq”.

Regekampf komandadan nə istədiyini də bildirib: “Komandanı sırf emosiya və döyüşkənlik baxımından hazırlamaq istəyirəm. Söz verirəm ki, bunu əldə etmək üçün əlimdən gələni edəcəyəm. Bu mənim işimdir, həyatımın bir hissəsidir. Özümü hər gün hazırlayıram. Hətta deyə bilərəm ki, eyni səviyyəni daim qorumaq elə də asan deyil. Hər gün üzərində çalışmalı və hər bir çağırışa hazır olmalısan. Oxumalısan, futboldakı yenilikləri bilməlisən”.

Rumıniyalı mütəxəssis köməkçiləri barədə danışıb: “Bütün köməkçilərim hazırda buradadırlar. Əvəzedici heyətin də baş məşqçisi ilə yaxından əməkdaşlıq edəcəyəm. Çünki klubdakı hər bir gənc oyunçu haqda məlumat toplamalıyam. Qərar versək ki, məşqçi heyətimdə yerli mütəxəssis işləməlidir, bu mövzuda heç bir problem yoxdur”.

ETOPAZ

Əvvəlki yazı

“Borussiya” Aller üçün 35 milyon ödəyəcək

Növbəti yazı

Mane “Bavariya”da