“Neftçi” və “Qəbələ”dən qələbə
Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib. Turun maraqlı məqamlarından biri də, ölkə kubokunun 1/4 final cütlərinin bir-birilə qarşılaşması olub. İlk oyun günündə iki qarşılaşma baş tutub.
Son çempion “Neftçi” Masazırda “Sabah”ın qonağı olub. Oyun meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Ardıcıl hücumlar təşkil edən Murad Musayevin yetirmələri qol vurmaqda çətinlik çəkib. Hissənin sonlarına doğru “ağ-qaralar” irəli atılıb. İki tərəfin də səylərinə baxmayaraq, ilk yarıda hesab açılmayıb.
İkinci hissəyə “Neftçi” üstün başlayıb. Qonaqlar ard-arda hücumlar təşkil edib. Samir Abasovun komandası görüşün 50-ci dəqiqəsində istədiyinə nail olub. Roman Maçadonun ötürməsini Meza Kolli qolla tamamlayıb – 1:0. Qoldan sonra “Sabah” üstünlüyü ələ alıb. Lakin hesabı bərabərləşdirmək mümkün olmayıb.
Turun digər matçı Sumqayıtda baş tutub. Şəhərin eyniadlı təmsilçisi “Qəbələ”ni qəbul edib. Qol özünü çox gözlətməyib. Görüşün 2-ci dəqiqəsində hesab açılıb. Rafael Utziq fərqlənib. “Qırmızı-qaralar” üstünlüyünü daha da artırıb. Künc zərbələrindən birində hava ötürməsini Ruan Renato qolla tamamlayıb – 2:0. Hissənin sonuna 4 dəqiqə qalmış Rövlan Muradov hesab arasındakı fərqi 3-ə yüksəldib.
İkinci yarıda meydan sahibləri üstünlüyü ələ alıb. “Gənclik şəhəri” təmsilçisi bir neçə dəfə fərqlənməyə yaxın olsa da, bəzi epizodlarda rəqib qapıçı, bəzilərində isə müdafiəçilər qola imkan verməyib. Əks-hücumlarda rəqibini yaxalayan “Qəbələ” 4-cü qolu vurub. Murad Musayev oyunda son nöqtəni qoyub – 4:0.
Qeyd edək ki, turun digər görüşləri sabah baş tutacaq. “Səbail” “Zirə”ni, “Keşlə” “Qarabağ”ı qəbul edəcək.