“Neftçi” “Qarabağ”a çatdı, “Sabah”dan ilk qələbə
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib. VIII turun ilk günündə 2 oyun keçirilib. Bakıda baş tutan hər iki matçda üç top vurulub.
Çempionatın autsayderi “Sabah” ilk qələbəsini “Sumqayıt”la ev qarşılaşmasında qazanıb. Paytaxt təmsilçisi 12-ci dəqiqədə qırmızı vərəqə alan Murad Xaçayevin azlıqda qoyduğu rəqibin müqavimətini yalnız ikinci hissədə qırıb. Fofana Tiemoko iki, Ceyhun Nuriyev bir dəfə fərqlənib. Bununla da “Sabah” ilk qələbəsini böyük hesabla əldə edib – 3:0. Son pillədə qərarlaşan bakılılar xal hesabını 4-ə çatdırıbsa, 5-ci olan “Sumqayıt”ın 8 xalı var.
Paytaxt derbisində “Neftçi” “Zirə”ni qəbul edib. Qəsəbə təmsilçisi Ağabala Ramazanovun 6-cı dəqiqədəki erkən qolu ilə hesabı açıb. Lakin son çempion nəinki məğlubiyyətdən qaçıb, hətta əzmkar qələbə qazanıb. Sezar Meza Kolli ilk, Mirabdulla Abbasov ikinci hissənin sonuna 6 dəqiqə qalmış başla dəqiq zərbə endirib. Bu oyundan sonra “Neftçi” 17 xal toplayan “Qarabağ”a çataraq ən azı 2 günlük liderliyə şərik olubsa, 5 xal geridə olan “Zirə” 4-cüdür.
Xatırladaq ki, turun digər iki oyunu oktyabrın 24-25-də keçiriləcək. Sabah “Keşlə” – “Qəbələ”ni, ertəsi gün “Səbail” “Qarabağ”ı qəbul edəcək.