Nadaldan çempionluq və rekordlar

Nadaldan çempionluq və rekordlar

“Rolan Qarros”da kişilərin turnirinə yekun vurulub. Final qarşılaşmasında Rafael Nadalla Kasper Ruud qarşılaşıb. Dünyanın 5-ci raketkası olan ispaniyalı üç setdə qələbə qazanıb – 6:3, 6:3, 6:0.

Bu, Nadalın “Böyük dəbilqə”lərdə 22-ci tituludur. İspaniyalı özünün sahibi olduğu dünya rekordunu yeniləyib. Rocer Federerlə Novako Cokoviçin hərəyə 20 uğuru var.

Rafael karyerasında ilk dəfə ilə iki “Böyük dəbilqə” ilə başlayıb. “Australian Open”in də qalibi olan ispaniyalı heç vaxt mövsümün startında belə uğur əldə etməyib. O, açıq erada bunu bacaran 6-cı tennisçidir. Rod Leyver, üç dəfə Byorn Borq, Mats Vilander, Cim Kurye və iki dəfə Novak Cokoviç bunu bacarıb.

Nadal “Rolan Qarros”da 14-cü dəfə çempion olub. O, “Böyük dəbilqə”nin bir turnirində 10 və daha çox zəfəri olan yeganə tennisçidir. Cokoviç “Australian Open”də 9, Rocer Federer “Uimbldon”da 8 dəfə çempion olub.

Nadaldan başqa yalnız Rocer Federerin eyni turnirdə 10 və ya daha çox çempionluğu var. O, Bazel və Qall turnirlərinin hərəsində 10 dəfə titul sahibi olub. İspaniyalı isə bunu 4 turnirdə bacarıb: “Rolan Qarros”da 14, Barselonada 12, Monte-Karloda 11, Romada 10 çempionluq.

Ümumilikdə isə Nadal karyerasında 92-ci titulu qazanıb. Cimmi Konnors 109, Rocer Federer 103 və İvan Lendlin 94 titulu var.

ETOPAZ

Əvvəlki yazı

64 ildən sonra mundalda

Növbəti yazı

Günün kuponu – 06.06.2022