Messi – Ronaldo duelində 9 qol
XXI əsrin iki ən yaxşı futbolçusu Lionel Messi və Kriştiano Ronaldo arasında duel baş tutub. Fransa PSJ-si Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klublarının futbolçularından ibarət komanda ilə yoldaşlıq oyunu keçirib.
Bütün dünyanın maraqla gözlədiyi görüş “King Fahd İnternational” stadionunda təşkil olunub. Məhsuldar keçən görüşdə Fransa çempionu qələbə qazanıb – 5:4.
Messi 3-cü dəqiqədə erkən qola sevinsə də, Ronaldo 34-cü dəqiqədə penalti ilə hesaba tarazlıq gətirib. Hissənin sonlarında Markinyos fransalıları yenidən önə çıxarsa da, Kriştiano uzatma dəqiqələrində dublunu rəsmiləşdirib – 2:2.
İkinci hissədə Serxio Ramosun fərqlənməsinə Çan Xyon Su cavab versə də, parislilər daha iki qol vurub. Öncə Kilian Mbappe, ardınca Yuqo Ekitike qol sevinci yaşayıb. Anderson Taliska uzatma dəqiqələrində fərqi minimuma endirsə də, asiyalılar məğlubiyyətdən qaça bilməyib. Bu qarşılaşmada Ronaldo 61-ci, Messi 64-cü dəqiqədə əvəzlənib.