Mahir Emreli: “Gündən-günə daha yaxşı olmağa və əvvəlki formamı bərpa etməyə çalışıram”
Xorvatiya çempionatında II turun oyunları keçirilib. Həmyerlimiz Mahir Emreli də “Dinamo”nun heyətində növbəti matçına çıxıb.
Zaqreb təmsilçisinin “İstra”nı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə forvard bir qol vurmağı bacarıb. O, oyun barədə fikirlərini klubun saytına bölüşüb:
“Qələbə qazandığımız üçün çox şadam. Özümün qol vurmağım isə bunun üstündə əlavə bonusdur. Belimdəki ağrılar uzun müddətdir mənə əziyyət verirdi. Amma artıq problem arxada qalıb və özümü əla hiss edirəm. İndi komandama kömək edə bilərəm. Gündən-günə daha yaxşı olmağa və əvvəlki formamı bərpa etməyə çalışıram. Zədədən sonra qayıtmaq çətin olur. Amma peşəkar futbolda belə hallara daim rast gəlinir. Mən də artıq 6 görüşü buraxmışam. Belə bir komandada olduğuma xoşbəxtəm. Hər şeydən də məmnunam. Martin Baturina ilə komanda yoldaşı olmaq xoşdur. Onun oyununu bəyənirəm. Qol vurmağımda da onun böyük əməyi oldu”.