Letiçdən dubl, “Sabah”dan inamlı qələbə
Avrokuboklarda debüt mövsümünü keçirən “Sabah” qitə arenasında növbəti matçına çıxıb. Bakı klubu Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.
Murad Musayevin yetirmələri öz meydanında “Partizan”ı qəbul edib. Serbiyanın adlı-sanlı klubundan çəkinməyən “Sabah” oyunboyu üstünlüyə sahib olub.
Lakin bakılılar yalnız ikinci 45 dəqiqədə azarkeşlərini sevindirə bilib. Düzdür, Aleksey İsayev penaltidən yararlana bilməyib. Amma Boyan Letiçin zərbəsi qarşısıalınmaz olub. Cinah oyunçusu az keçmədən dublunu rəsmiləşdirib. O, Alekseyin assistindən dəqiq yararlanıb. Evdə 2:0 hesablı inamlı qələbə qazanan “Sabah” səfərə böyük üstünlüklə yollanacaq.
Qeyd edək ki, “Sabah”la “Partizan” arasında cavab qarşılaşması avqustun 17-də Belqradda keçiriləcək.