Klublarımızın potensial rəqibləri müəyyənləşdi
Azərbaycan klublarının Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. UEFA iyulun 18-də keçiriləcək püşkatma öncəsi komandaları qruplara bölüb.
Mərhələ adlayacaqları təqdirdə növbəti raundda “Neftçi” səpələnməmişlərdə, “Zirə” ilə “Qəbələ” isə səpələnmişlərdə yer alacaq.
“Neftçi” Kipr “Aris”ini məğlub edərsə, potensial rəqiblər “Tvente” (Niderland), “Molde” (Norveç) – “Elfsborq” (İsveç) cütünün qalibi, “Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi və ya “Levski” (Sofiya, Bolqarıstan) – PAOK (Yunanıstan) cütünün qalibi olacaq.
“Zirə” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən qalib ayrılsa, “Rujomberok” (Slovakiya) – “Riqa” (Latviya) cütünün qalibi, “Kızıl Jar” (Qazaxıstan) – “Osiyek” (Xorvatiya) cütünün qalibi, “Vikinqur” (Farer adaları) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi, “Qzira Yunayted” (Malta) – “Radniçki” (Serbiya) cütünün qalibi və ya “Qomel” (Belarus) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qəbələ” isə Macarıstanın “Fehervar” klubundan üstün olarsa, III təsnifat mərhələsində “Sepsi” (Rumıniya) – “Olimpiya” (Lyublyana, Sloveniya) cütünün qalibi, “Vlajniya” (Albaniya) – “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi, “Koper” (Sloveniya) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi, “Petrokub-Hinçesti” (Moldova) – “Laçi” (Albaniya) cütünün qalibi və ya “Panatinaikos”la (Yunanıstan) qarşılaşacaq.
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri də müəyyənləşib. Azərbaycan çempionu qrup öncəsi son püşkatma zamanı böyük ehtimalla səpələnməmişlərin sırasında yer alacaq.
Çünki pley-offa qədər irəliləməsi gözlənilən komandalardan 4-nün reytinqi Ağdam təmsilçisindən yüksəkdir. “Kopenhagen” (Danimarka) və “Trabzonspor” (Türkiyə) yarışa pley-offdan qoşulacaq. Onlardan danimarkalılar səpələnmişlərdə, Türkiyə çempionu səpələnməmişlərdə olacaq.
Cütlüklərdə hər hansı bir sensasiya baş verməsə və favoritlər yoluna davam etsə, “Qarabağ”ın həlledici raunddakı potensial rəqibləri “Kopenhagen”, “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya) və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su (Xorvatiya) olacaq.
Zəiflərin sırasına düşməsi gözlənilən klublardan isə təkcə “Viktoriya”nın (Çexiya) reytinqi “Qarabağ”dan yüksəkdir.
Əgər “Dinamo”, “Srvena Zvezda”, “Olimpiakos” və “Viktoriya”dan ikisi mərhələ adlaya bilməsə, o zaman Azərbaycan çempionu püşkatmada güclülərin sırasında qərarlaşacaq və potensial rəqiblərdən biri “Trabzonspor” olacaq.