Kevin de Breyne: “Biz yalnız Belçikayıq”
Belçika millisinin futbolçusu Kevin de Breyne komandasının Millətlər Liqasının final mərhələsindəki uğursuzluğunun səbəbini açıqlayıb. Təcrübəli yarımmüdafiəçi yarımfinalda Fransaya 2:3, 3-cü yer uğrunda matçda İtaliyaya 1:2 hesabı ilə uduzmağı yüksək səviyyəli futbolçuların azlığı ilə əlaqələndirib:
“İki top-komanda ilə oyunların gedişində zaman-zaman yaxşı oynayırdıq. Bu gün heyətimizdə çox sayda yeni futbolçular var idi. Onlar pis oynamadı. Belə qarşılaşmalarda iştirak onlara faydalı olacaq. Təəssüf ki, iki dəfə uduzduq. Estoniyaya hörmətimə baxmayaraq, onlarla oynamaq ayrı, top-komanda ilə matç ayrıdır. Belə görüşlər futbolçulara həm fərdi, həm komandanın bir parçası kimi inkişafı üçün zəruridir. Oyunçularımıza bütün hörmətimizə baxmayaraq, biz yalnız Belçikayıq. Yeni futbolçu nəsli yetişir. Bu gün çoxları – Romelu Lukaku və Eden Azar kimi top-oyunçular yox idi. Gəlin, komandamızla bağlı düzünü danışaq. İtaliya və Fransanın 22 top-futbolçusu var. Bizdə isə yoxdur”.