“Keşlə”dən ilk səfər qələbəsi, Qəbələdə sülh

“Keşlə”dən ilk səfər qələbəsi, Qəbələdə sülh

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib. İlk oyun günündə 2 matç keçirilib. I dövrənin son turu Bakıda başlayıb.

Paytaxt derbisində “Səbail” “Keşlə”ni qəbul edib. Görüşdəki bütün qollar ikinci hissədə vurulub. Öncə Tərlan Quliyev qonaqları hesabda önə çıxarsa da, az keçməmiş Rauf Əliyev bərabərlik qoluna imza atıb. “Keşlə” Anatole Abanqın qolu ilə 2:1 hesablı qələbə qazanıb. Məğlubiyyətsiz oyunlar seriyasını 3-ə, ardıcıl qələbələrini 2-yə çatdıran Sənan Qurbanovun yetirmələri ilk dəfə səfərdə 3 xal qazanıb. Xal hesabını 7-yə çatdıran “Keşlə” ardıcıl 4-cü dəfə uduzan “Səbail”i bir xal keçərək 6-cı yerə yüksəlib.

Günə Qəbələdə yekun vurulub. Turnir cədvəlinin ilk yarısında qonşu olan “Qəbələ” və “Zirə” üz-üzə gəlib. İlk yarıda üstünlüyə malik olan Bakı klubu Cəlal Hüseynovun qolu ilə hesabı açıb. Fasilədən sonra daha fəal olan meydan sahibləri məğlubiyyətdən qaçıb. Ülvi İsgəndərov əldə etdiyi qol imkanlarından yalnız birindən istifadə edib – 1:1. Bu matçdan sonra hər iki komanda xal sayını 12-yə çatdırıb və 3-4-cü pillələri bölüşür.

Xatırladaq ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” və “Sabah” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Veretennikovun rekordu təkrarlandı

Növbəti yazı

Günün kuponu – 17.10.2021