Kamerun antirekorda imkan vermədi

Kamerun antirekorda imkan vermədi

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Serbiya ilə heç-heçə edən Kamerun yığması (3:3) tarixi antirekordun bir addımlığında dayanıb. Afrika təmsilçisi mundiallarda ardıcıl 8 məğlubiyyətin ardından meydanı yenilmədən tərk edib.

Bununla Kamerun Meksikaya məxsus 9 matçlıq məğlubiyyət seriyasını təkrarlamaqdan qurtulub. Meksika millisi 1930-1958-ci illər aralığında dünya çempionatlarında keçirdiyi ardıcıl 9 qarşılaşmada rəqiblərinə boyun əyib. Kamerun isə son qalibiyyətini DÇ-2002-də Səudiyyə Ərəbistanı (1:0) ilə görüşdə əldə edib.

Həmçinin Kamerun yığmasının futbolçusu Nikolas Nkulu da mundiallarda ardıcıl 7 məğlubiyyətin ardından bərabərlik üzü görə bilib. Nkulu hazırda bu göstəriciyə görə hamını “qabaqlayır”.

Serbiya ilə bərabərliyə baxmayaraq, Kamerun yığması dünya çempionatlarında qələbəsiz oyunlar seriyasını davam etdirir. Son 9 görüşdə qalibiyyət görməyən kamerunlular Afrika antirekorduna bir addım da yaxınlaşıb. Hazırda antirekord 13 oyunluq qələbə həsrəti ilə Tunisə (1978-2018) məxsusdur.

ETOPAZ

Əvvəlki yazı

DÇ-2022-də qrup mərhələsində son tura start

Növbəti yazı

Kudus ikinci oldu