İtaliyada 62 transferlə bağlı araşdırma
İtaliya Futbol Federasiyası (FIGC) A seriyasında gerçəkləşən 62 transferlə bağlı araşdırmalara başlayacaq. 2019-21-ci illərdə reallaşan bu keçidlər qurumun prokurorluğu tərəfindən yoxlanılacaq.
Bu araşdırma futbol klublarına nəzarət üzrə komissiyanın prokuror Cüzeppe Çine və federasiya prezidenti Qabriele Qravinaya göndərdiyi hesabata əsasən aparılacaq. Komissiya 62 transferdə qiymətlərin obyektiv səbəb olmadan həddən artıq şişirdildiyi qənaətindədir.
Bu keçidlərdən 42-si “Yuventus”la bağlıdır. 21 futbolçu 90 milyon qarşılığında dəyişdirilib. Nümunələr sırasında Turin təmsilçisinin Marli Akeni 8 milyona alması qeyd olunub. Eyni qiymətə Franko Tonja “Marsel”ə keçib. Bu oyunçu hazırda Fransanın 4-cü divizionunda çıxış edir.
Viktor Osimhenin “Napoli”yə keçidi də siyahıda yer alıb. Bu transfer üçün Neapol təmsilçisi 4 oyunçusunu “Lill”ə 20 milyon avroya verib. Onlardan ikisi D, biri C seriyasında oynayırsa, digəri “Lill”də qalsa da, meydana çıxmır.