“İnter Mayami” PSJ-yə, “Palmeyras” “Botafoqo”ya rəqib oldu
ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir. İlkin mərhələdə mübarizə hərəsində dörd iştirakçı olmaqla 8 qrupda gedir.
Bu gün Bakı vaxtilə səhər keçirilən qarşılaşmalarda məhsuldar heç-heçələr qeydə alınıb.
A qrupunda Misirin “Əl-Əhli” komandası “Porto” ilə oyunda dörd dəfə hesabda önə çıxsa da, qalib gələ bilməyib – 4:4.
“İnter Mayami” – “Palmeyras” matçı isə 2:2 hesabı ilə başa çatıb. Bu gün 38 yaşı tamam olan Lionel Messinin komandası oyunda iki top üstünlüyünü son dəqiqələrdə əldən verib.
Beləliklə, “Palmeyras” və “İnter Mayami” hərəyə 5 xalla 1/8 finala yüksəliblər.
Bu mərhələdə “Palmeyras”in “Botafoqo” ilə, PSJ-nin “İnter Mayami” ilə qarşılaşacağı dəqiqləşib.
Bu gün C qrupunda “Benfika” – “Bavariya” və “Oklend Siti” – “Boka Xuniors” matçları keçiriləcək. Qarşılaşmalar Bakı vaxtilə saat 23:00-da başlayacaq. Bu qrupda 6 xalı olan “Bavariya” 1/8 finala vəsiqəni təmin edib. 4 xalı olan “Benfika” ikinci pillədədir və ən yaxın izləyicisi “Boka Xuniors”u 3 xal qabaqlayır.