Hadson-Odoi yığmasını dəyişir
İngiltərənin “Çelsi” klubunun futbolçusu Kallum Hadson-Odoi idman vətəndaşlığını dəyişəcək. 20 yaşlı yarımmüdafiəçi İngiltərənin U-21 yığmasına dəvəti də buna görə qəbul etməyib.
Buna səbəb Hadson-Odoinin Qana millisində oynamaq istəyidir. Bu ölkənin də vətəndaşlığını daşıyan futbolçu Afrika təmsilçisində çıxış etmək variantından yararlanmağı planlaşdırır.
İngiltərənin əsas yığmasında final mərhələlərində oynamayan Kallum Qana millisinə keçməsi FİFA qaydalarına da zidd deyil. O, britaniyalıların heyətində keçirdiyi hər üç matçda 21 yaşı olmadan meydana çıxıb.
Hadson-Odoi bunun üçün 2022-ci ilin noyabrına qədər gözləməlidir. Futbolçu həmin vaxt Qana millisinin formasını geyinmək hüququ qazanacaq.
Yarımmüdafiəçinin yığmasını dəyişmək istəyi İngiltərədə şans qazanmaması ilə bağlıdır. Hələ də U-21-in üzvü sayılması və əsas komandada güvənilməməsi onun Qananı seçməyinə səbəb olub.