Həftənin oyunçusu adına 4 iddiaçı
Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. 1/8 final mərhələsinin cavab görüşlərinin son 4 oyunundan sonra bu ada iddiaçılar bəlli olub.
“Ayaks”la matçda (1:0) qələbə qolunu vuran “Benfika”nın hücumçusu Darvin Nunyes, “Mançester Yunayted”lə qarşılaşmada (1:0) dəqiq ötürmələri və meydandakı hərəkətliliyi ilə seçilən “Atletiko”nun yarımmüdafiəçisi Koke ilk oyun günündə fərqlənib.
“Çelsi”nin “Lill” üzərində qələbəsinə (2:1) qolla töhfə verən Kristian Pulişiç və “Vilyarreal”ın qapısını “Yuventus”la matçda (3:0) toxunulmaz saxlayan qapıçı Xeronimo Rulyi də ən yaxşı adına iddia edir.
Qeyd edək ki, həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.