“Futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram”

“Futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram”

Konfrans Liqasının pley-off mərhələsinin sabah keçiriləcək “Qarabağ” – “Marsel” oyunundan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. 50 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Dərhal hiss olunur ki, oyuna böyük ajiotaj var. Qış aylarından sonra Azərbaycanda avrokubok oyunu keçirilməmişdi. Azarkeşlərimiz də çox istəklidir. Bizə güvəndiklərinə görə hər birinə təşəkkür edirəm. Rəqibin çox yaxşı baş məşqçisi və oyun üslubu var. İlk matça kimi də onları təhlil etmişdik. Düşündüyümüzün çoxunu meydanda gördük və ona qarşı düzgün oynadıq. Səfərdə “Marsel”i daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burada daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyunumuzla istirahət etsinlər, hər şeyi bir anlıq da olsa unutsunlar. İnşallah, bunu bacararıq. “Marsel” son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram”.

Qurbanov səfərdəki 1:3 hesablı məğlubiyyətin revanşının mümkünlüyünə də toxunub: “Son vaxtlar komanda ilə ümumi teoriyalarımızda fərqli yanaşırıq. Daha irəli getmək istəyiriksə, əsas yolumuz olmalıdır. Bu da daim yaradıcı və hücum futboludur. Həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün belə bir addım atmaq istəyirəm ki, futbolçularda özünəinam olsun. Xüsusən də, yerlilərdə. Hər oyuna bir yox, bir neçə qol vurmaq üçün çıxırıq. Əlbəttə, asan yol deyil. Azərbaycan futbolu üçün, bəlkə də, ən çətin yoldur. Qarşımıza belə məqsəd qoymuşuq. Rəqibin kimliyindən asılı olmayaraq riskə gedəcəyik. Kollektiv şəkildə çox güclü komanda ilə qarşılaşağıq. Nə qədər riskli olsa da, qol vurmaqla yanaşı, buraxmamaq barədə də düşünməliyik. Azarkeşlərimizin futbola inamını qaytarmaq istəyirik. Onlar komandalarımızın uğurunu çox arzulayırlar. Bunun üçün yolumuz, xarakterimiz olmalıdır. İnanıram ki, bu xüsusiyyətləri daha da sürətləndirəcəyik. Sabah da meydana qollar vurmaq üçün çıxacağıq. Eyni zamanda qol buraxmamağı da düşünməliyik. Belə addımları daha ciddi rəqiblərə qarşı futbolçulara aşılayanda, işimiz daha da sürətlənər. Sabah qarşımızda başqa rəqib olsaydı belə, eyni fikirdə olacaqdıq. Rəqib nə qədər imkan yaradacaq, biz nə qədər təzyiq edəcəyik, bunları oyunun gedişində görəcəyik”.

Mütəxəssis komandasından hücum futbolu gözlədiyini gizlətməyib: “Bayaq da dediyim kimi, bizim oyun fəlsəfəmiz yaradıcılıq və irəlidə oynamaqdır. Müdafiədə oturmaq istəmirik. Futbolçuda inam o vaxt yaranır ki, daha güclü rəqibə qarşı müdafiə olunmur, onun üzərinə gedir. Belədə özlərini daha tez inkişaf etdirirlər. Bizə qol vurmaq lazımdır. Niyə bu sualı verdiyinizi başa düşdüm. Fransadakı son oyunlarda əksər komandalar müdafiə taktikası ilə xal qazanıblar. Amma mən təkcə bu günü yox, gələcəyi də düşünürəm”.

Qurbanov qapıçı Luka Quqeşaşvilinin ilk görüşdəki səhvləri barədə danışıb: “Futbolçularımın səhvini açıq şəkildə müzakirə etməyi və üzərlərinə getməyi xoşlamıram. Lukanın üstün cəhətlərindən biri soyuqqanlı olmasıdır. Bunlar texniki səhvlərdir, heç kim sığortalanmayıb. Avropada elə qapıçılar elə səhvlər edir ki, bağışlanılmazdır. Biz belə oyunlarda nadir hallarda iştirak etdiyimiz üçün qlobal məsələyə çevrildi. Təkcə bu oyunda yox, əvvəllər də Luka ilə söhbətlərim olub. Hər bir futbolçunun stabilliyi üçün bütün turnirlərdə iştirakı vacibdir. Bu səhvləri daha istəkli, yaxşı məşqlərlə aradan qaldırmaq olar. Futbolçularımız neçə illərdir təcrübə toplayıblar. Quqeşaşvilinin də buna ehtiyacı var. Ona çox irad bildirmədim, üzərinə getmədim. Söhbətimiz oldu, onu psixoloji cəhətdən sabahkı oyuna hazırlamağa çalışdım. Mən ona inanıram. O da fikir edir. Qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, tezliklə səhvlər aradan qaldırılacaq. Qapıçı səhvi həmişə daha çox müzakirə olunur”.

Təcrübəli çalışdırıcı Marseldəki ilk oyunda baş verən erməni təxribatı barədə fikirlərini açıqlayıb: “Oradakı təxribata zərrə qədər də önəm vermədim. Torparlarımız bizdə olmayanda rəqiblərdən ehtiyatlanırdıq, uduzmaq istəmirdik. Başda mən olmaqla çox narahat olurduq. Qarabağ köçkünləri illər idi əziyyət çəkirdilər, doğma torpaq arzusunda idilər. Bizə baxıb fərəhlənirdilər. Dəfələrlə də təxribatlar olmuşdu. Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan xalqı, komandası olaraq başıdik getmişik. Çünki torpaqlarımız geri qayıdıb. Dünya futbolunda da belə hallar olub. Bu təxribat deyil, çox kiçik şeydir. Şükürlər olsun, bayrağımız öz torpaqlarımızda ucalıb. Bununla bizə heç nə göstərə, deyə bilməzlər. Bunu qəbul etmirəm. Sabah bayraqlarımızın sayı da çox olacaq. Onda hamımız başa düşəcəyik ki, belə şeylərə təxribat demək olmaz. Düşünmürəm ki, futbolçularımıza da təsir edib”. 

Qurbanov komandanın qol vurmaqda çətinlik çəkməsinə də toxunub: “Bakıdakı oyunumuzla Avropadakı matçlarımızın dinamikası arasında böyük fərq var. Bu cür komandalara qol vurmaq heç də asan deyil. Xüsusən də, müdafiəçilərinin daha tez qərar vermələri, sürətli müdaxilə etmələri oyunçularımıza mane olur. Orada görünməyən müdaxilələr var ki, oyunçularımıza mane olur. Qapıçıların da oyununu qeyd etməliyəm. Bəzən bu səviyyədə futbolçuların daha tez düşünməsi, qərar verməsi qol vurmağımıza mane olur. Qolların sayını artırmaq üçün bu tempdə daha çox oyunlar keçirməliyik. Bunu tezləşdirmək üçün fərdi çalışmalarımız olur. Ən başlıcası mövsümboyu eyni səviyyədə oyunlar keçirmək vacibdir”.

Mütəxəssis heyət barədə sualı da cavablandırıb: “Bir neçə mövqe var ki, hələ qərar verməmişəm. Abbas qışdan sonra omikrona yoluxdu, komandaya gec qoşuldu. Ardından zədələndi, idman formasından uzaqlaşdı. İndi durumu pis deyil. Sabaha qədər hələ vaxtımız var. Hələ bir məşqimiz də olacaq. Ümumiyyətlə, çox dəyişiklik etməyi xoşlamıram. Bir komandaya qarşı oyunlarda heyəti qorumağa çalışıram”.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”də ciddi itkilər

Növbəti yazı

“Oklahoma” Sarrla müqavilə imzaladı