Futbol təqvimindəki mümkün dəyişikliklər
FİFA dünya çempionatlarının iki ildən bir təşkilinə 2026-cı ildən başlamaq niyyətindədir. Ali futbol qurumu bununla bağlı üzvü olan bütün milli assosiasiyaları məlumatlandırıb. Burada futbol təqvimindəki islahatların təfərrüatları yer alıb.
Layihə 2026-30-cu illəri əhatə edir. Futbolçuların millidə keçirdiyi günlərin sayı 50-dən 30-a endiriləcək. Bu, seçmə mərhələlərin hesabına mümkün olacaq. Beynəlxalq turnirlərin seçmə mərhələlərində hər yığmanın oyun sayına məhdudiyyət qoyulacaq. Bu rəqəm 7-dən artıq olmayacaq. Qarşılaşmalar iki pəncərədə – mart və oktyabrda təşkil ediləcək.
Bu islahatlar futbolçuların yüklənməsini də azaltmalıdır. FİFA Lionel Messini nümunə göstərib. Argentinalı 2014-18-ci illərdə 324 min kilometr uçmalı olubsa, yeni layihədə bu rəqəm 157 minədək azalacaq.
FİFA qeyd edib ki, yığmaların oyun sayında da azalma müşayiət olunacaq. 4 illik dövrdə bu rəqəm Avropa yığmaları üçün 44-dən 43-ə, Cənubi Amerika təmsilçiləri üçün 38-dən 34-ə düşəcək.