Fransa və Belçika DÇ-2022-də
Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində oynayacaq daha iki komanda bəlli olub. DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin IX turundan sonra Fransa və Belçika mundiala vəsiqəni təmin edib.
D qrupunda mübarizə aparan Fransa Qazaxıstana 8:0 hesabı ilə qalib gəlib. Son dünya çempionları xal hesabını 15-ə çatdırmaqla 1-ci yeri tutublar.
Belçika isə E qrupunun qalibi olub. Evdə Estoniyanı 3:1 hesabı ilə məğlub edən Roberto Martinesin yetirmələri 19 xalla rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, bununla da gələn il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək mundialda iştirakı dəqiqləşən komandaların sayı 6-ya çatıb. Meydan sahibi Qətərin birbaşa vəsiqə qazandığı mundialda oynamaq hüququnu daha öncə Avropadan Danimarka ilə Almaniya, Cənubi Amerikadan Braziliya yığmaları qazanıb.