Fernandu Santuş “son 15 dəqiqədə 3 qol epizodumuz oldu”
Azərbaycan millisi bu gün “Liv Bona Dea Arena”da Macarıstan yığmasıyla qarşılaşıb. Matçdan sonra yığmamızın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
“Oyuna yaxşı başlamadıq, qapımızdan erkən qol buraxdıq. Ancaq buna dərhal reaksiya verdik və bərabərlik qolunu vurduq.Həmin dəqiqədən sonra balanslı mübarizə getdi. Buna baxmayaraq, ikinci qolu buraxdıq. İkinci hissə bizim üçün daha çətin keçdi. Rəqib yüksək keyfiyyətə malik futbolçulardan qurulub. Lakin futbolçularımız sona qədər bərabərlik qolunu vuracaqlarına inanırdılar. Bəzi oyunçularımızda yorğunluq olduğu üçün dəyişikliklər etdik. Son 15 dəqiqədə 3 qol epizodumuz oldu, bərabərlik topunu vura bilərdik. Futbolda bəzən bəxtin də gətirməlidir. Ümumi götürdükdə futbolçularımın son iki matçdakı oyunundan razı qaldım. Əvvəlki təlim-məşq toplanışı ilə müqayisədə bu dəfə daha yaxşı çıxış etdik”.
Qeyd edək ki, millimiz 1:2 hesabıyla məğlub olub.