Fernandu Santuş: “Məqsədimiz daha yaxşı futbol nümayiş etdirməkdir”
Millətlər Liqasının IV turunun oyunları keçirilir. Azərbaycan yığması evdə Slovakiyaya uduzub – 1:3.
Matçdan sonra komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“68 dəqiqə kifayət qədər yaxşı performans göstərdik. Qələbə üçün hər şeyi etdik, üstün tərəf biz idik. Bəxt amili rəqibin tərəfində oldu. Qırmızı vərəqə qırılma nöqtəsi oldu. Meydanda azlıqda qaldıqdan sonra oyunu dəyişmək çətinləşdi. Yenə də 4-5 qol vəziyyəti yaratdıq. Düşünürəm ki, Mahir Emrelinin qırmızı vərəqə aldığı epizodda hakimin qərarı mübahisəyə açıqdır. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Onların üzərində işləməliyik. Komandada müəyyən potensial görürəm. Məqsədimiz gələcəkdə daha yaxşı futbol nümayiş etdirməkdir. İsveç, Estoniya və Slovakiya ilə oyunlarda yaratdığımız qol vəziyyətləri gələcək üçün müsbət düşünməyə zəmin yaradır”.
Qeyd edək ki, millimiz növbəti matçını noyabrın 16-da evdə Estoniya yığmasına qarşı keçirəcək.