Fernandu Santuş: “Komandada əhval-ruhiyyə yüksəkdir”
Sabah Azərbaycan millisi yoldaşlıq matçı keçirəcək. Yığmamız Haiti ilə qarşılaşacaq.
Oyundan öncə komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Sabahkı oyunun start heyətini artıq qərarlaşdırmışam. Yaxşı oyunçulara malik güclü komandaya qarşı oynayacağıq. Onların son 5-6 matçlarını izləmişik. Müsbət və mənfi tərəfləri var. Məşqlərdə bunun üzərində işləmişik. Hücum futbolu oynamağa çalışırlar. 2 hücumçu ilə çıxış edirlər və hər ikisi çox sürətlidir. Onlar Türkiyə və Yunanıstanda çıxış edirlər. Haiti millisi top itkisindən sonra da geri çəkilmir, pressinq edərək onu almağa çalışır. Biz də çox yaxşı məşqlər keçmişik, komandada əhvali-ruhiyyə yüksəkdir. Düzdür, bu oyunlar bizə xal qazandırmır. Amma komandamız matça yoldaşlıq görüşü kimi yanaşmır. Bizim üçün vacib qarşılaşmadır. Kollektiv şəkildə yaxşı çıxış etməklə rəqibi üstələyə bilərik. Azarkeşlərin milliyə yaxın olması, bizi dəstəkləməsi də çox önəmlidir. Ümid edirəm ki, onlar qarşıdakı matçlarda bizi dəstəkləyəcəklər. Bir müddətdir Azərbaycandayam. Bura çox yaxşı ölkədir. Kimsə məndən soruşanda deyirəm ki, Azərbaycan Avropanın ən gözəl 20 ölkəsindən biridir. Çox təhlükəsiz ölkədir, burada sakit şəkildə yaşamaq və bayramı qeyd etmək olar”.
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti oyunu saat 21:45-də başlayacaq.